NKPI

Neft–kimya proseslərinin texnologiyası laboratoriyası (10 saylı lab.)

Struktur bölmənin rəhbəri: Qasımov Azər Əlibala oğlu
İşçilərin ümumi sayı: 12
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Dehidrogenləşmə prosesləri və katalitik krekinq qazlarının tərkibindəki karbohidrogenlərin çevrilməsi üçün texnologiya və katalizatorların işlənib hazırlanması.
Struktur bölmənin əsaselmi nəticələri: Katalitik krekinq prosesi üçün "qaynar lay" texnologiyası yaradılmış, bunun əsasında Bakı NEZ-da iri sənaye İ-B və İ-A tipli qurğular quraşdırılmışdır. Proses üçün yüksək keyfiyyətli alümosilikat katalizatoru yaradılmışdır. Monoolefinlərin alınması məqsədi ilə C3-C5 parafin karbohidrogenlərinin dehidrogenləşməsi üçün dünyada ilk dəfə olaraq kiçikdispersli K-5 katalizatorunun qaynar layında katalitik dehidrogenləşməsi prosesii işlənib hazırlanmışdır. Bu prosesin sənayedə tətbiqi divinilin istehsalında istifadə olunan etanolun həcminin kəskin dərəcədə azalmasına səbəb olmuşdur. Bu proses keçmiş Sovet İttifaqının bir çox şəhərlərində - Sumqayıtda, Kuybışevdə, Omskda və Rumıniyada sintetik kauçuk zavodlarında geniş tətbiq olunmuşdur. Sintetik yuyucu maddələrin istehsalında xammal kimi işlənilən C9 - C14 xətti olefinlərinin alınmasını təmin edən C9 - C14 parafin karbohidrogenlərinin oksidləşdirici dehidrogenləşdirilmə prosesi işlənib hazırlanmışdır. Sənaye katalizatorlarının iştirakı ilə C4-C5 karbohidrogenlərinin uyğun dien karbohidrogenlərinə dehidrogenləşmə prosesinin yaradılması sahəsində orijinal tədqiqatlar aparılmışdır. Akril və epoksi birləşmələrinin əsasında yeni suda həll olan polimerlər alınmışdır. Para-tret-butilfenol və para-tret-oktilfenolun alınmasını təmin edən atmosfer təzyiqində maye fazada seolittərkibli katalizatorun iştirakı ilə fenolun izobutilen ilə alkilləşməsi prosesi işlənib hazırlanmışdır. Alınmış alkilfenollar neft-kimya və üzvi sintez sənayesində geniş tətbiqini tapmışdır. Onlardan səthi-aktiv maddələr istehsalında, sürtgü yağlarında aşqar kimi geniş istifadə edilir. İzobutilenin oliqomerləri ilə fenolun alkilləşməsi prosesinin texnologiyası işlənib hazırlanmışdır. Proses stasionar laylı katalizatorun iştirakı ilə pilot qurğusunda sınaqdan çıxarılmışdır. C2-C3 parafin karbohidrogenlərinin oksid və oksixlormanqan tərkibli katalizatorun iştirakı ilə oksidləşdirici cevrilmələrinin qanunauyğunluqları öyrənilmişdir. Katalizatorun selektivliyinə natriumin təsiri və olefinlərin yüksək çıxımını təmin edən optimal tərkib təyin edilmişdir. Müxtəlif oksid katalizatorlarının iştirakı ilə metanın, etanın, propanın karbondioksidlə çevrilmə reaksiyalarının əsas qanunauyğunluqları öyrənilmişdir. Prosesin optimal şəraiti kinetik qanunauyğunluqları, mexanizmi və kataliz prosesində CO2-nin istifadəsinin imkanları öyrənilmişdir. Etilenin, propilenin xətti və tsiklik oliqomerlərin, butadienin, izoprenin istehsalı üçün yeni effektiv proseslər və katalizatorlar yaradılmışdır. Yeni bifunksional katalizator-stabilizatorlar və onların əsasında aşağı və yüksəkmolekullu polibutadien istehsalı üçün yeni, ekoloji cəhətdən təhlükəsiz texnologiya işlənib hazırlanmışdır. Son illər laboratoriyada hazırlanmış oksid katalizatorların iştirakı ilə propanın və izobutanın dehidrogenləşmə proseslərinin yaradılması istiqamətində tədqiqatlar aparılır. Oksid katalizatorları termovakuum şəraitində hazırlanırlar. Bu üsulla sintez olunmuş katalizatorların fiziki-kimyəvi tədqiqi göstərir ki, termovakuum şəraitində eyni zamanda K2Cr2O7 əmələ gəlir. Dehidrogenləşmə reaksiyasının gedişində böyük rol oynayan K2Cr2O7 məqsədli məhsulun yüksək çıxımını təmin edir. İstilik və material axını nəzərə alınaraq oksigenin iştirakı ilə propanın dehidrogenləşmə prosesinin tam riyazi modeli işlənib hazırlanmışdır. Laboratoriyada Ni, Cr, Bi metalları ilə modifikasiya olunmuş və γ-Al2O3 əlaqələndiricisi olan seolittərkibli katalizatorlar işlənib hazırlanmışdır. Bu katalizatorlar eyni zamanda parafin karbohidrogenlərinin olefin karbohidrogenlərinə dehidrogenləşməsi reaksiyasının və parafin karbohidrogenlərinin olefinlərlə alkilləşmə reaksiyasının həyata keçirilməsinə imkan verir. Bu ardıcıllıqla gedən reaksiya nəticəsində xüsusi reaktorlar cütündə C3H8-dən maye məhsullar alınır. Maye məhsulların çıxımı ilkin C3H8-ə görə 60-70%-dir. Katalitik krekinq qazlarının tərkibində olan (PPF və BBF) karbohidrogenlərin seolittərkibli sənaye katalizatorlarının iştirakı ilə maye məhsullara çevrilməsi prosesinin texnoloji sxemi hazırlanmışdır və geniş tədqiqatlar aparılmışdır. Bu prosesdə istifadə olunan katalizatorlarda əlaqələndirici kimi gildən istifadə olunmuşdur. Tədqiqatlar stasionar laylı katalizatoru olan reaktorda aparılmışdır. Reaksiyada alınan maye məhsullarının çıxımı xammalda çevrilən olefinlərin cəminə görə 150-160%, PPF 77,5%, BBF 72,2%, BBF-da çevrilən C2 – C4 olefinlərin miqdarı 235,4%, motor üsulu ilə müəyyən edilmiş oktan ədədi 80-82, tədqiqat üsulu ilə 90-92, başlanğıc qaynama temperaturu 60°C, son qaynama temperaturu 200°C-dir. Suyun termo-katalitik parçalanmasına dair tədqiqatlar aparılmışdır. Müəyyən edilmişdir ki, reduksiyaedicinin (CO) iştirakı ilə suyun parçalanması fasiləsiz şəraitdə baş verir. Tərkibində Fe olan katalizatorda 200-300°C-də suyun konversiyası ~90% təşkil edir. Müəyyən edilmişdir ki, tərkibində Fe olan katalizatorlarda 300°C temperaturunda CH4 alınır, 300°C-dən yüksək temperaturda isə C2H6 alınır. AMEA NKPİ-də hazırlanan bu metodun üstünlüyü prosesin, sistemə xaricdən H2 vermədən həyata keçməsi ilə əlaqədardır. Sistemə lazım olan hidrogen suyun parçalanması zamanı alınır. Bu istiqamətdə laboratoriyada aparılan elmi-tədqiqat işlərinin genişləndirilməsi məqsədilə bir layihələr hazırlanaraq Qrant müsabiqələrinə təqdim edilmışdir və qalib olmuşdur. Hazırda, “Nanostrukturlaşmış Fe2O3 tərkibli katalizatorların sintezi və onların sudan hidrogenin alınması reaksiyasında tədqiqi” adlı layihə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə (2011-2013-cü illər), “CO2 və H2O-nun karbohidrogenlərə birgə termokatalitik çevrilməsi” adlı layihə isə ARDNŞ-nin “Elm Fondu”nun dəstəyi ilə həyata keçirilir (2013-2014-cü illər).