NKPI

Neftlərin tədqiqi və yağların alınma texnologiyası laboratoriyası (21 saylı lab.)

Struktur bölmənin rəhbəri: Muxtarova Gülbəniz
İşçilərin ümumi sayı: 16
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Azərbaycan neftlərinin tərkib və xassələrinin tədqiqi. Neftlərin səmərəli çeşidlənməsi və emalı yollarının müəyyənləşdirilməsi və onlardan mütərəqqi tələbata cavab verən baza yaqlarının alınması üçün yüksək effektivli az enerji sərfi tələb edən texnoloji prosseslərinin yaradılması və onların elmi əsaslarının işlənib hazırlanması. Yüksək şəraitdə yeni neft emalı və neft-kimya prosseslərinin aparılması imkanının tədqiqi.
Struktur bölmənin əsaselmi nəticələri: Yeni yataqlardan çıxarılan neftlərin səmərəli emalı haqqında tövsiyyələr verilib, onların köhnə yataqlardan çıxarılan neftlərlə müqayisəli tədqiqi aparılıb. Baza yağlarının xammal ehtiyatları yeni dəniz yatağı neftlərinin hesabına genişləndirilib. "Azərneftyağ" Neft Emalı Zavodunda emal edilən neftlərdən müxtəlif çeşidli baza yağlarının alınmasının təmin edən texnologiyalar təkmilləşdirilib və NEZ-da hazırlanıb. "Azərneftyağ" NEZ-da dünya standartlarına və mütərəqqi tələbata cavab verən baza yağlarının alınmasını kompleks sxemi işlənib hazırlanmış və tətbiqi üzrə tədqiqatlar aparılır. Azərbaycanın çeşidli və lay neftlərinin açıq rəngli məhsulları və onların dar fraksiyaları, tərkib və xassələri öyrənilib. Abşeron neft-qaz rayonunun (Balaxanı-Sabunçu-Romanı, Suraxanı, Bibi-Heybət) neftlərinə aid tədqiqatlar təhlil edilib. Müəyyən edilib ki, neftlərin tərkibindəki dəyişikliklər hər yatağının svitalarının geoloji şəraiti ilə bağlıdır. Onlar xüsusən qətranlı birləşmələrin miqdarı, neft məhsullarının çıxımı və keyfiyyətinə görə kəskin fərqlənirlər. Neftlər fərdi karbohidrogenlərin əsasən naftenlər (benzin fraksiyalarında 70%-ə qədər) və normal parafinlərlə zəngindirlər. Laboratoriyada təmizliyi 98-99% olan naften karbohidrogenlərinin və n.parafinlərin seolitlə neft fraksiyalarında ayrılması üsulları işlənib hazırlanıb. Seolitlərlə n.parafinlərin ayrılması üsulu 1985-ci ildə MDB ölkələrinə qəbul etdiyi ümumiləşdirilmiş proqrama daxil edilib. 1980-ci illərdən başlayaraq, neftlərin tədqiqi daha dəqiq, yeni spektral üsulların köməyi ilə aparılır. Şimali Abşeron arxipelaqı neftləri: Günəşli, Darvin Küpəsi, Çıraq, Azəri, Kəpəz; Bakı arxipelaqı: Səngəçal-dəniz, Bulla adası, Ələt-dəniz və eləcə də Türkmənistanın sahəsində yerləşən: banka LAM, Barinova, Livanova-Vostoçnaya, Qubkin yataqları neftləri tədqiq edilib. Köhnə və yeni yataq neftlərinin keyfiyyətcə yaxın olması və onların birlikdə emalının səmərəli olması aşkar edilib. Quru neft yataqlarından Aşağı Kür rayonu (Cənubi Xəzər cökəkliyi) perspektivliyini nəzərə alaraq, bu rayonun neftləri dərindən öyrənilib və onların başqa yataq neftlərindən asfaltenlərin çox (12%-ə qədər) olması ilə fərqləndiyi göstərilib. Eyni zamanda Zaqlı, Tələbi, Tərs-Dəllər, Zərdab, Muradxanlı və s. yataqları neftlərinin fiziki-kimyəvi xassələri və tərkibi öyrənilib. Azərbaycan neftlərinin keyfiyyətini əks etdirən məlumat bankı yaradılıb ki, ondan hazırda əlaqədar təşkilatlar: layihə institutları, neft-qazçıxarma idarələri, elmi-tədqiqat institutları və b. istifadə edir. Azərbaycanın tipik neftlərinin və onların vakuum qalıqlarının yüksək molekullu heteroatomlu, azotlu və oksigenli birləşmələrinin, struktur-qrup tərkibi öyrənilib. Tədqiqatların nəticələri Azərbaycanın müxtəlif neftlərinin, elecə də qalıqların komponentlərinin bir-birilə və ayrılıqda dərin və dərinlikdə asılı olmayıb genetik bağlı və naften əsaslı olmasını bir daha təsdiq edir. Neftlərin, onların vakuum qalıqlarının asfalt-qətran birləşmələri (AOB) və nefti müşayət edən suların mikroelement tərkibi öyrənilib. Müəyyən edilib ki, tədqiq olunan AQB-də dəmir qrupu elementləri Fe>Ni>Cr>V>Co və halogenlər, xüsusən yod (absolyut maksimuma yaxın 2.10-3 %) var. Bu elementlərlə yanaşı onlarda nadir torpaq elementləri də aşkar edilib. Nefti müşayət edən sularda və neftlərdə mikroelementlərin miqdarı və sırasının fərqli olması da müəyyən edilib. Laboratoriyanın əsas tədqiqatlarından Azərbaycan neftlərinin bioloji aktivliyinin tədqiqini də göstərmək olar. Asfaltenlərin neft və onun ağır qalıqlarının ayrılması və fraksiyalara bölünməsi üçün yeni üsullar işlənilib hazırlanıb ki, bu üsullar elektrik sahəsi və eləcə də CO2 -nin kritik parametrləri şəraitindən istifadə etməklə yaradılıb. Eyni zamanda Azərbaycan neftlərinin sürtgü yağı, bitum xammalı kimi qiymətləndirilməsi və elecə də alınan bitumlar əsasında yeni bitum kompozisiyalarının alınması, alternativ üzvi karbohidrogen xammalından neft məhsullarının alınması istiqamətində də tədqiqatlar aparılır. Tədqiqatların 2-ci istiqaməti Azərbaycn neftlərindən baza yağlarının alınma texnologiyasının təkmilləşdirilməsi, yeni üsulların işlənib hazırlanmasına həsr edilir. Bu məqsədlə dünyada qəbul olunmuş üsullarla yanaşı, laboratoriya əməkdaşları tərəfindən işlənib hazırlanmış üsullardan istifadə olunur. Fundamental tədqiqatlar göstərmişdir ki, başqa neftlərdən fərqli olaraq, Azərbaycan neftlərindən özlülük indeksi 90-dan çox olan baza yağları almaq mümkün deyil. Bu onların yağ fraksiyalarını təşkil edən karbohidrogenlərin quruluşu ilə əlaqədardır, karbohidrogenlərin quruluşunun dəyişilməsi tələb olunur ki, bu da katalitik proseslərin (hidrokrekinq, hidroizomerləşmə, hidrozənginləşmə) iştirakı ilə mümkündür. Başqa bir istiqamət sintetik yağ komponentlərindən istifadə etməklə yarımsintetik baza yağlarının alınmasıdır. Bu məqsədlə, laboratoriyada benzin və kerosin fraksiyaların AlCl3 iştirakı ilə olefinlərlə alkilləşməsi və aşağı temperaturda olefinlərin (C3-C13) oliqomerləşməsi üsulları işlənib hazırlanmışdır. Sintez edilmiş yağların mineral yağlarla qarışdırılması müxtəlif təyinatlı yüksək özlülük indeksli yarımsintetik baza yağlarının alınmasını təmin edir. Laboratoriyada işlənib hazırlanmış yeni üsul yağ fraksiyası karbohidrogenlərinin turş katalizatorların iştirakı ilə olefinlərlə modifikasıya olunması üsuludur. Bu üsul ekoloji zərərsiz olub, özlülük indeksi 100-dən çox olan aşağı temperaturda donmayan yarımsintetik baza yağlarının alınmasını təmin etməklə yağ istehsalı sxemindən zəhərli seçici həlledicilərlə təmizləmə, parafinsizləşmə prosesləri və eləcə də mineral yağın sintetik yağla kompaundlaşdırılması mərhələsini çıxırlar. Xammalın və katalizatorun növü, texnoloji sxemin fərqli olması ilə bu üsul 4 variantda işlənilib. Aşağı donma temperaturlu yağlara (transformator, hidravlik, ağ yağ) olan tələbatla əlaqədar olaraq, daha bir yeni üsul işlənib hazırlanıb. Bu üsulda karbamidlə parafinsizləşmə və seçici-həlledici ilə təmizləmə prosesləri qoşalaşdırılıb. Prosesdə istifadə olunan həlledici n.parafinin təmizlənməsi təmin edir, yəni proses eyni həlledicinin iştirakı ilə aparılır. İşlənib hazırlanmış bütün üsullar patentləşdirilib. Laboratoriyada hazırda ifrat-kritik ekstraksiya prosesinin köməyi ilə yağ istehsalı proseslərinin intensivləşdirilməsi və yeni emal sxemlərinin yaradılması istiqamətində tədqiqat işləri aparılır.