NKPI

Xəbərlər

Azərbaycan elminə ağır itki üz vermişdir

Kimya elminin inkişafında mühüm xidmətləri olmuş görkəmli alim, texnika elmləri doktoru, professor Azadə Cəbrayıl qızı Hüseynova 1 dekabr 2016-cı ildə vəfat edib.

Azadə Cəbrayıl qızı Hüseynova 2 yanvar 1937-ci ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1959-cu ildə mühəndis-texnoloq ixtisasına yiyələnərək M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) “Neft və qazın kimyası və texnologiyası” fakültəsini bitirmişdir. 1959-1960-cı ilərdə Sumqayıt şəhəri “Sintetik kauçuk” zavodunda əvvəcə laborant, sonra isə mühəndis vəzifələrində çalışmışdır. 1960-1963-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin  (indiki Bakı Dövlət Universiteti) aspiranturasında təhsil almış və 1963-cü ildə “Reaktorda yüksək tezlikli elektrik cərəyanından istifadə etməklə  doymuş karbohidrogenlərin pirolizi” mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namzədi elmi dərəcəsinə layiq görülmüşdür. 1963-cü ildən indiyə kimi AMEA akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda çalışmış, 1982-ci ildən “Avtomobil benzinləri” laboratoriyasının müdiri olmuşdur.

1980-cı ildə “Katalitik krekinq prosesində kiçik dispersli katalizatordan istifadə etməklə etilləşməmiş yüksəkoktanlı benzinlərin alınması texnologiyasının tədqiqi və işlənib hazırlanması” mövzusu üzrə doktorluq dissertasiyasını müdafiə etmiş və  texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1967-ci ildə böyük elmi işçi (dosent) və 1990-cı ildə professor elmi adlarını almışdır. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı  280-dən çoxdur, onlardan 120-i xaricidə dərc olunub, o cümlədən beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda 95 məqaləsi nəşr olunub.   Müəlliflik şəhadətnamələrinin sayı 16 və patentlərin sayı  isə 8-dir. Rəhbərliyi altında fəlsəfə doktoru üzrə 18 dissertasiya işi müdafiə olunub. AMEA NKPİ-nin Elmi Şurasının  və NKPİ-nin nəzdindəki    D 01.031 Dissertasiya Şurasının üzvü olmuş, həmçinin Azərbaycan Dövlət Neft Akademiyasının professoru və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında  kimya fənni üzrə ekpert olmuşdur. Müxtəlif vaxtlarda nailiyyətlərinə görə medal və fərmanlarla təltif olunub: SSRİ Neft Emalı və Neft-Kimya Sənayesinin Əlaçısı adı (1966); SSRİ Neft Emalı və Neft-Kimya Sənayesinin Əlaçısı döş nişanı (1970); SSRİ  Xalq  Təsərrüfatının  İnkişafındakı nailiyyətə görə Bürünc medal (1985);  Azərbaycan SSR EA-nın “Əmək Veteranı” nişanı (1987); Azərbaycan SSR EA-nın “Veteran” nişanı (1989);  AMEA-nın Fəxri Fərmanı (1997); Azərbaycan Respublikasının “Tərəqqi” medalı (2005); Azərbaycan Respublikasının Əmək Veteranı  (2010); Misir Ərəb Respublikasının Səfirliyi. Misir Mədəniyyət Mərkəzi. Təşəkkürnamə (2010); Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Fəxri Fərmanı (2012).

Professor Azadə Hüseynova hər zaman dostlarının, tələbələrinin, onu tanıyanların yaddaşında, eləcə də Azərbaycan elm tarixində görkəmli alim, nəcib insan və böyuk şəxsiyyət kimi qalacaq, xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

2016-12-01   3470