NKPI

Xəbərlər

Bakı Dövlət Universitetinin kollektivinə təbrik məktubu

Əziz dostlar!

Bakı Dövlət Universitetinin 100 illiyi təntənəli olaraq qeyd edildi. Çox yüksək səviyyədə. Universitetin 100 illik şanlı tarixinə ölkəmizin çox hörmətli Prezidenti İlham Əliyev cənabları yüksək dəyər verdi. Universitetin 113 əməkdaşının təltif olunması böyük və şanlı tarixə verilən ali qiymətdir.

Bakı Dövlət Universiteti 100 illik tarixində 200 min nəfərdən çox kadr hazırlayaraq ölkəmizin hər tərəfli inkişafına böyük töhvəsini vermişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev kimi dahi məhz Bakı Dövlət Universitetinin məzunu olub. Onun dünya siyasətinə böyük təsiri tarixə qızıl hərflərlə yazılıb. Dahi və müdrik Heydər Əliyev müasir Azərbaycanın memarı olaraq xalqımız və dövlətimiz üçün şərəf tarixi yaratmış və dünyada böyük nüfuz sahibi olan Azərbaycanı bizə əmanət etmişdir.

Bakı Dövlət Universiteti elmin və təhsilin inteqrasiyasının möhtəşəm nümunəsidir. 1945-ci ildə başlanan inteqrasiya günü-gündən dərinləşir və inkişaf edir.

Bakı Dövlət Universiteti Azərbaycan elmi, o cümlədən kimya elmi üçün minlərlə kadrlar hazırlayıb.

90 illik yubileyini yenicə qeyd etdiyimiz akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda çalışmış BDU məzunlarından 7 nəfər AMEA-nın həqiqi üzvü və 7 nəfəri müxbir üzvü seçilmişdir.

BDU-nun məzunu olmuş və institutumuzda işləmiş və hazırda işləyən 21 nəfər elmlər doktoru elmi dərəcəsi və professor elmi adını almışdır, hazırda onlardan 19 nəfəri institutda işləyir. BDU-nun məzunu olmuş 47 əməkdaşımız kimya və texnika üzrə fəlsəfə doktorudur.

BDU-nun institutumuzda işləyən məzunlarının 48 nəfəri magistr, 52 nəfəri ali (keçmiş qayda ilə) və bakalavr təhsillidir. İnstitutun əməkdaşlarının 30,3%-ə qədəri BDU-nun məzunlarıdır.

İnstitutun 1945-2019-cu illərdəki uğurlarında və şanlı tarixinin yaradılmasında BDU-nun məzunlarının xidmətləri əvəzsizdir.

Mən də bir il BDU-da dərs deməyimdən qürur duyuram.

BDU xalqımızın təhsil məbədidir.

Əziz dostlar!

Böyük bayramımız mübarək!

Hər birinizə BDU-nun şanlı tarixinin davamını yaratmaq yolunda uğurlar, sağlam həyat, ailə səadəti arzulayıram.

 

Sizləri sevən dostunuz,

akademik Vaqif Məhərrəm oğlu Abbasov

2019-11-27   496