NKPI

Azotlu birləşmələr laboratoriyası (26 saylı lab.)

Struktur bölmənin rəhbəri: Əmiraslanova Mənzər Nəzaməddin qızı
İşçilərin ümumi sayı: 10
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Azotlu birləşmə tərkibli fenolformaldehid oliqomerinin, fenolformaldehid oliqomeri hibridinin sadə efirlərinin alınmasının elmi əsaslarının işlənib hazırlanması və onların əsasında məqsədyönlü kompozisiyaların hazırlanması.
Struktur bölmənin əsaselmi nəticələri: Aromatik karbohidrogenlərin (toluol, ksilol) oksidləşdirici ammonolizi üsulu ilə aromatik nitrillərin (benzonitril, tereftalonitril) sintezi, nitrillərin amidlərə (benzamid, tereftaldiamid), aminlərə (benzilamin) çevrilməsi üsulları işlənib hazırlanmış, bu və digər azotlu birləşmələrdən ffo-ların modifikasiya edilməsində istifadə olunmuşdur. Benzoqunaminlə modifikasiya olunmuş ffo-nun kalium duzu əsasında bərk sürtkü qələmi, keçmiş SSRİ-nin 78 müəssisəsində kəsici alətlərin istismar müddətini artırmaq məqsədi ilə tətbiq olunaraq küllü miqdarda iqtisadi səmərə vermişdir. Azotlu birləşmələrlə modifikasiya olunmuş ffo-ların rezin qarışıqlarına əlavələr kimi uğurlu sınağına görə “Azrezinotexnika” İB və RSETİ-nin Zaqorsk filialı bunların ötürücü qayışların istehsalında istifadə olunmasını tövsiyə etmişlər. Tərkibinə modifikasiya olunmuş ffo daxil olan NKPİ-26 sürtkü materialı mədəni-məişət və təsərrüfat təyinatlı məmulatların hazırlanması üçün üfürmə maşınlarında praktiki tətbiq edilmək məqsədilə təklif olunmuşdur. Laboratoriyada sintez edilmiş benzoquanaminlə modifikasiya olunmuş ffo-nun sulfo-turşusunun kalium duzu beton qarışıqlarının möhkəmliyini artıran superplastifikator kimi təklif olunmuşdur. Benzoquanaminlə modifikasiya olunmuş alkilffo-nun kalium duzu sənaye istehsalı məhsulu olan silikon yağını əvəz edərək kondisioner və soyuducu zavodlarında freonsuz yağlayıcı kimi tətbiq olunmuş və böyük iqtisadi səmərə vermişdir. Azotlu birləşmələrlə modifikasiya olunmuş, fenol- alkil- ffo-ların, onların n-butil efirlərinin alınması, modifikasiya olunmuş və modifikasiya olunmamış fenol oliqomerlərinin hibridləşməsi və efirləşdirilməsi üsulları işlənib hazırlanmışdır. Tərkibində azotlu funksional qruplar saxlayan hibridləşmiş ffo-lar qoruyucu örtük, kompozisiya tərkibləri, yüksək adgeziya möhkəmliyinə malik olan yapışqan materialları, elektrotexniki təyinatlı əlaqələndiricilər kimi praktiki əhəmiyyət kəsb edir. Son illərdə laboratoriyada fenol birləşmələrinin (fenol, monoalkil(C8-C12)fenollar, hidro-xinon və s.) azotlu birləşmələr iştirakında və sonuncuların ayrılıqda propilen oksidi ilə oliqomerləşmə məhsullarının alınması, xassələrinin tədqiqi və bu birləşmələrin mühərrik və sənaye yağlarında müxtəlif təyinatlı aşqarlar – korroziyaya, termiki oksidləşməyə, metal hissələrin sürtünmədə yeyilməsinə, mikroorqanizmlərə qarşı, yuyuculuq potensialını artıran və özlülük aşqarı kimi sınağı istiqamətində tədqiqatlar aparılmış, müsbət nəticələr əldə edilmişdir. Hal-hazırda bitki yağları ilə calaq olunmuş tərkibində azotlu funksional qruplar saxlayan fenol və monoalkil(C8-C12)ffo-ların alınması və bunların örtükəmələgətirici, yapışqan tərkibləri və əlaqələndirici kimi tətbiqinə dair tədqiqat işləri aparılır.