NKPI

Interesting Informations

TAĞIYEV BAHADUR HÜSEYN OĞLU

Bahadur Hüseyn oğlu Tağıyev 1934-cü il martın 13-də Masallı rayonunun Türkoba kəndində anadan olmuşdur.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fizika ixtisası üzrə bitirmişdir [1956]. Fizika üzrə fəlsəfə doktoru [1965], fizika üzrə elmlər doktoru [1978] elmi dərəcəsini, professor elmi adını [1984] almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilmişdir.

B.Tağıyev 1959-cu ildə əmək fəaliyyətinə başlayaraq AEA Fizika İnstitutun­da aspirant, elmi işçi, laboratoriya müdiri olmuşdur. Hazırda İnstitutun baş elmi işçisidir. Milli Aviasiya Akademiyasında əvəzçi professor [1996-2009] olmuş, 2009-cu ildən bu günədək Fizika kafedrasının müdiri və Elmi-tədqiqat Nəqliyyat və Aviakosmik Problemlər İnstitutunun [ETNAPİ] direktorudur.

B.Tağıyev yarımkeçiricilər fizikası sahəsində tanınmış alimdir. Rusiya EA-nın Lüminessensiya Problemi şurasının üzvüdür. Onun elmi fəaliyyətini, əsasən laylı, kubik və ortorombik quruluşa malik xalkogenid binar və üçlü birləşmə­lərdə intensivliyi 10∙105 V/sm  intervalında dəyişən elektrik sahələrində elek­trik, foto elektrik və lüminessensiya hadisələrinin tədqiqi təşkil edir. Beynəlxalq İsveç Kral Akademiyasının qrantı [1999-2001], Fransa-Azərbaycan qrantı [2001-2003], NATO-CLG [Fransa-Rusiya-Azərbaycan, 2001-2003], NATO-CLG [Almaniya-Türkiyə-Azərbaycan-Gürcüstan, 2002-2004], NATO [2002-2003], İNTAS[2003-2005] və respublika [EİF] qrant layihələrinin qalibi olmuşdur.

B.Tağıyev 300 məqalə, o cümlədən 40-a yaxın müəllif şəhadətnaməsi və patentin müəllifidir. 28 fəlsəfə və 8 elmlər doktoru yetişdirmişdir.

"Şərəf nişanı” ordeni, "Şöhrət" ordeni [2005] ilə təltif olunmuşdur. Azərbay­can Respublikasının Dövlət Mükafatı Laureatıdır.

2016-03-26   36325