NKPI

Maraqlı Məlumatlar

Sarımsağın müalicəvi əhəmiyyəti

 

Hazırda sarımsağın struktur tərkibi sirr deyil və ona görə də aydındır ki, xarici görünüşcə sadə olan sarımsağa əla müalicəvi xassə verən nədir? Kəskin dad və iyi sarımsağa verən bir sıra kükürdlü birləşmələrin mürəkkəb qarışığından ibarət olan efir yağıdır. Bu efir yağının 35 %-i uçucu maddələrdən ibarədir.

Sarımsağın qidalı maddələrinin əsas hissəsini karbohidratlar və polisaxaridlər təşkil edir (27 %). Payızda sarımsaqda inulin və saxaroza onları təmsil etdiyi halda, yazda onların parçalanması hesabına qlukoza və fruktozanın miqdarı artır. Sarımsaqda zülalın miqdarı 6,1-dən 13,3 %-ə qədər, sellüloz – 0,8 %, dişciklərdə kül – 1,4-3,7 %, yarpaqlarda 8,8 %-ə qədər olur.

Sarımsağın soğanağında vitamin az olur: C vitamini 5-8 mq %, B, B2 və PP vitaminləri isə faizin onda birləri qədər. Amma yarpaqları və cavan gövdələri vitamin C ilə çox zəngin olur (140 mq %-ə qədər), digər tərəfdən onlarda A vitamin idə aşkar edilmişdir.

Sarımsağın külündə 17 element, o cümlədən, fosfor, kalium, kalsium, maqnezium, manqan, germanium, mis, molibden, kobalt, sirkonium, vanadium, titan, selen, natrium, qurğuşun və s. tapılmışdır.

Bundan başqa, sarımsağın tərkibinə pentozanlar, qlükozidlər, pektin maddələri və üzvi turşular da daxildir.

Sarımsaq yüksək kalorilidir. Onun 1 kq-ı 1110-1327 kkal verir. Rusiya Tibb Elmləri Akademiyasının Qida Institutunun məlumatlarına görə insan il ərzində soğan ilə birlikdə 6-10 kq sarımsaq istifadə etməlidir.

Sarımsaq dəmir duzları ilə (1,5 mq %), sink duzları ilə (1,0 mq %) və yod ilə zəngindir. Yod xüsusilə orqanizm üçün böyük əhəmiyyət kəsb edir. Bir kiloqram sarımsaqda 0,94 mq yod olur ki, o da qalxanabənzər vəzin funksiyasına müsbət təsir edir.

Qeyd olunanlarla yanaşı canlı sarımsaqda germanium vaxtilə geniş reklam olunan «Kreml tabletka»larında olduğundan çoxdur və bu da insan üçün çox faydalıdır. Məhz germanium damar sisteminin klapan aparatının elastikliyini təmin edir.

Sarımsaqda çoxlu miqdarda kükürdün olması da əhəmiyyətlidir. Kükürdlü birləşmələr və ya sulfidlər olduqca heyrətləndirici xassələrə malikdirlər. Alimlər sarımsaqda 100-dən çox kükürdlü maddələr aşkar etmişlər. Məhz sarımsaqda olan sulfidlər sarımsaq şirəsinə stafilokoklara, dizenteriya və tifoz bakteriyalarına, qeyri-müəyyən sayda göbələklərə qarşı mübarizə gücü verirlər. Onlar həqiqətən də sarımsağı qüvvətli zəhər əleyhinə vasitəyə çevirirlər. Təsadüfi deyil ki, Roma imperatorları özlərini suiqəsd yolu ilə zəhərlənib öldürülməkdən qorumaq üçün profilaktika məqsədi lə olduqca çoxlu miqdarda sarımsaq yeməkdə haqlı ididlər.

Sarımsağın sulfidləri zəhərin sərbəst molekullarını özünə «yapışdıraraq» insan orqanizmi ilə təmasda olaraq onu zəhərləməyə imkan vermir. Sarımsaq zəhər molekulunu özünə elə möhkəm birləşdirir ki, zəhər təsirsiz, neytral hala düşür və orqanizm özünə ziyan vermədən onu özündən adi qaydada kənarlaşdırır.

Burada bir maraqlı faktı da oxuculara təqdim etməyi vacib sayırıq. Hindistanda iri şəhərlərin küçələrində zəhərli kobralarla oynayaraq pul qazanan insanlar çoxdur və çoxlu sayda hadisələr müşahidə olmuşdur ki, oyun zamanı ilan sahibini çalmış, amma sahibi ölməmiş və hətta yenidən ilanı oynamağa məcbur etmişdir. Bunun sirrini bilirsinizmi? Sirri çox sadədir. Ilan oynadanlar ilanla oynayarkən həmişə ağızlarında çeynəyərək sarımsaq saxlayırlar. Ilan çaldıqda dərhal həmin yerə ağızda çeynənmiş sarımsaq qoyaraq qısa müddətə sakit dayanırlar. Bu halda zəhər Qana keçməyə macal tapmamış sarımsaq vasitəsi ilə tutulur və öldürücü xassəsi itir.

Sarımsağın müalicəvi xassəsi hələ qədim dövrlərdən məlum idi.

Tədqiqatçıların fikrincə sarımsaqdan ilk olaraq savadlı istifadə qədim şumerlərdə, yəni türklərin ulu babalarında olmuşdur.

Qədim Misirdə piramidaların tikintisində çalışan minlərlə insanın xəstələnməməsi və onların arasında epidemiya yayılmaması üçün onlar çoxlu miqdarda turp, soğan və sarımsaq yeyirdilər.

Sarımsağın gizli gücünü rus alimi B.P.Tokin izah edir. O, qeyd edir ki, sarımsaqda elə fitonsidlər var ki, onlar insan üçün təhlükəli olan bütün mikrobları, virusları, göbələkləri məhv etməyə qadirdir. Əgər, karbol turşusu vərəm çöplərini bir sutkaya öldürürsə, sarımsaq fitonsidləri bunu 5 dəqiqəyə həyata keçirir.

Rəsmi təbabət bağırsaqların atoniyası, hipertonik xəstəliklər, ateresklerozun müalicəsində sarımsağın spirtdə tinkturasını (ekstraktını) təklif edir.

Müalicə məqsədi ilə təzə yığılmış və ya qısa müddət saxlanmış sarımsaq istifadə etmək faydalıdır. Soyuducuda 4 ay saxlanmış sarımsağın antibakterial təsiri onun ilkin vəziyyətinə nəzərən təxminən iki dəfə azalır. Otaq temperaturunda saxlanılan sarımsaq 8 aydan sonra fitonsid xassəsini tamamilə itirir.

Mənbə: V.M.Abbasov, A.M.Tağıyeva, Z.V.Abbasova, A.E.Əlizadə, İ.S.Musayeva. Təbiət kimyasının möcüzələri və ondan istifadə qaydaları. “Elm” nəşriyyatı, Bakı-2014. 266 səh.

2016-02-29   5240