NKPI

Maraqlı Məlumatlar

ƏMƏNZADƏ YUSİF ƏMƏN OĞLU

(1914-1982)

Yusif Əmən oğlu Əmənzadə 1914-cü il fevralın 18-də Bakı şəhərində anadan olmuşdur.

Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft-mədən fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini (1959), professor elmi adını (1961) almış, 1968-ci ildə AEA-nın müxbir üzvu secilmisdir.

Azərbaycan Dövlət Universitetinin Nəzəri mexanika kafedrasının müdiri, AEA Riyaziyyat və Mexanika İnstitutunun Elastikliyyət nəzəriyyəsi söbəsinin rəhbəri vəzifələrində çalışmışdır.

Elmi fəaliyyəti əsasən hissə-hissə bircins elastiki mühitdə gərginlik defor­masiya vəziyyətinin və elastiklik nəzəriyyəsinin kontakt məsələlərinin təd­qiqinə həsr olunmuşdur. Elastiklik nəzəriyyəsinin müstəvi məsələlərinin həl­lində yaranan sonsuz xətti cəbri tənliklər sistemlərinin kvazirequlyarlığını sübut etmiş, boşluğa malik prizmatik tirin əyilmə mərkəzinin koordinatlarını bir burulma funksiyası vasitəsi ilə təyin edən düstur vermişdir. Çoxrabitəli və qarışıq yarımmüstəviyə sərt ştampın təsiri məsələsi və bu kimi məsələlərin həlli üsulunu vermiş, sonlu mühitdə çat məsələsinin analitik həll üsulunu inkişaf etdirmişdir. Çoxrabitəli oblastlar üçün elektromodelləşdirmə üsulu ilə Dirixle məsələlərinin həlli üçün yeni orijinal metodika təklif etmişdir. Neft- mədən mexanikasinda bir sıra mühüm statik və dinamik məsələlərin həlli ona məxsusdur. Elastiki örtüklərin variasiya üsulu ilə həllini tədqiq etmiş və bu məsələlərin ədədi həllini verimişdir.

Y.Əmənzadə 150-dən çox elmi məqalənin müəllifidir. Rəhbərliyi altında 40-dan çox fəlsəfə doktoru və 5 elmlər doktoru yetişmişdir.

AMEA-nın müxbir üzvü Yusif Əmənzadə 1982-ci ildə Bakı şəhərində vəfat etmişdir.

2016-02-11   232