NKPI

Maraqlı Məlumatlar

ƏLİZADƏ VALİDƏ MÖVSÜM QIZI

Validə Mövsüm qızı Əlizadə 1946-cı il yanvarın 31-də Bakı şəhərində ana­dan olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Biologiya fakül­təsini bitirmişdir.

V.Əlizadə 1974-cü ildə fəlsəfə doktorluğu (Moskva), 1994-cü ildə elmlər doktorluğu (Bakı) dissertasiyasını müdafiə etmişdir. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

0,1971-1973-cü illərdə Azərbaycan EA Botanika İnstitutunda baş laborant, 1973-1980-ci illərdə kiçik elmi işçi, 1980-1994-cü illərdə böyük elmi işçi, 1994- 1995-ci illərdə aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir. 1980-ci ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən "Bitki fizologiyası” ixtisası üzrə baş elmi işçi adını almışdır. 1996-2011-ci illərdə AMEA Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini olmuş, 2011-ci ildə AMEA Botanika İnstitutunun direk­toru vəzifəsinə təyin edilmişdir. 2008-ci ildən Eksperimental botanika şöbəsi­nin müdiri vəzifəsində çalışır.

V.Əlizadənin əsas elmi fəaliyyəti bitkilərin stresə qarşı davamlılığının hüceyrə və molekulyar mexanizmlərinin aydınlaşdırılması və tənziminə, çirklənmiş tor­paqların fitoremedyasiyası, vacib olan ağır metalların hiperakkumulyasiyası mexanizmlərinin öyrənilməsinə həsr olunmuşdur. O, öz tədqiqatlarında morfo­metrik, elektrofizioloji və biokimyəvi yanaşmalardan istifadə edərək müxtəlif stress amillərinə qarşı adaptasiyada bitkilərin funksional quruluşunun dəyişil­məsini öyrənmiş və kompleks şəkildə bir sıra əhəmiyyətli nəticələri əldə etmiş­dir. Onun tərəfindən bitkilərin kök hüceyrələrində elektrogenezin formalaşma­sında və ion nəqliyyat sistemində hormonal və ion tənzimləyici mexanizmlərin qanunauyğunluqları, həmçinin stress zamanı kalium nəqlinin hərəkətverici qüvvəsinin inkişafında sitokininlərin müdafiə rolu aşkarlanmışdır. Eyni zamanda Azərbaycan florasının endem və nadir növlərinin müxtəlifliyinin sahələrarası tədqiqi aparılmış, mübahisəli növlər və onların statusları müasir eksperimental metodlarla qiymətləndirilmiş və mühafizə yolları işlənib hazırlanmışdır.

V.Əlizadə 200-ə yaxın elmi əsərin, o cümlədən 2 ixtiranın müəllifidir.

Onun rəhbərliyi altında 4 fəlsəfə doktoru və 1 elmlər doktoru hazırlanmışdır.

V.Əlizadə "Azərbaycan EA Xəbərlər” (biologiya elmləri seriyası) jurnalının redaksiya heyətinin üzvü (1994-2000), "Turkish Jurnal of Botany” jurnalının rəyçisi (1996-2006) olmuşdur. 1994-cü ildən indiyə qədər Botanika İnstitutu nəzdində elmlər doktorluğu dissertasiyalarının müdafiə Şurasının üzvüdür, həmçinin 1997-2002-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Atestasiya Komissiyasının biologiya elmləri üzrə Ekspert Şurasının üzvü olmuşdur. 1996-cı ildən Azərbaycan və Rusiya bitki fizioloqları və biofiziklər cəmiyyətlərinin, 2002-ci ildən isə Avropa bitki fizioloqları cəmiyyətinin və "AMEA-nın Xəbərləri” jurnalının (biologiya və tibb elmləri) redaksiya heyətinin üzvüdür.

V.Əlizadə Corc Soros Beynəlxalq Elmi Fondunun fərdi qrantlarına, NATO elmi Proqramı üzrə qrantlara, 2 dəfə AMEA-nın Rəyasət Heyətinin Fəxri Fər­manına layiq görülmüşdür.

2016-01-31   36199