NKPI

Maraqlı Məlumatlar

QULİYEV HƏTƏM HİDAYƏT OĞLU

Hətəm Hidayət oğlu Quliyev 1947-ci il yanvarın 6-da Füzuli rayonunda anadan olmuşdur.

Н.Quliyev 1969-cu ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini mexanika ixtisası üzrə bitirmişdir.

H.Quliyev 1972-ci ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru və 1981-ci ildə fizika-riyaziyyat üzrə elmlər doktoru elmi dərəcələrini, 1986-cı ildə isə professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.

H.Quliyev 1969-1973-cü illərdə Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutun¬da (AMEA RMİ) kiçik elmi işçi, 1973-1979-cu illərdə Kiyev şəhərində Ukrayna Kənd Təssərüfatı Elmləri Akademiyasında baş elmi işçi, 1979-1990-cı illərdə AMEA RMİ-də baş elmi işçi, sonra Dağılma mexanikası şöbəsinin müdiri, 1990-2003-cü illərdə AEA-nın Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda (AE DNQYPİ) Geodinamika və Dağ mexanikası şöbəsinin müdiri vəzifələrində işləmişdir. 2003-cü ildən AMEA Geologiya və Geofizika İnstitutunun Tektonofızika və geomexanika şöbəsinin müdiri vəzifəsində işləyir. 2001-2013-cü illərdə AMEA Yer Elmləri Bölməsinin akademik-katibinin müavini və AMEA-nm “Xəbərlər" (Yer elmləri seriyası) jurnalının baş redaktorunun müavini olmuşdur.

H.Quliyev geomexanika, geofizika, geologiya, tektonofızika, geodinamika, dağ-mədən mexanikası, deformasiyaya uğrayan bərk cisim mexanikası, tətbiqi riyaziyyat və kosmologiyanın müxtəlif sahələri üzrə görkəmli alimdir.

H.Quliyev 5 monoqrafiya, 250 elmi əsər, 3 ixtiranın müəllifidir. Əsərlərinin çox hissəsi xaricdə çap olunmuşdur. Tanınmış beynəlxalq jurnallarda əsərlərinə istinad olunur. Onun rəhbərliyi ilə 6 elmlər doktoru və 21 fəlsəfə doktoru yetişdirilmişdir.

H.Quliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə dünyanın aparıcı neft şirkətlərinin (AMOKO, BP, SHEVR0N) və bir sıra respublika təşkilatlarının (ARDNŞ, Respublika Seysmoloji Xidmət Mərkəzi, SHIRVAN OIL, ANSHAD PETROL) sifarişi ilə mühüm elmi-texniki layihələr həyata keçirilmişdir. O, Ukrayna Elmi Texniki Mərkəzinin (Avropa İttifaqının maliyyə himayəsi ilə) və ARDNŞ-in Elm Fondunun qrantlarının rəhbəri olmuşdur.

H.Quliyev AMEA-nm RMİ, DNQYP institutlarında, Azərbaycan İnşaat Mühəndisləri Universitetində və Bakı Dövlət Unversitetində ixtisaslaşdırılmış Elmi Şuraların üzvü olmuşdur. Hazırda AMEA-nın Geologiya və Geofizika İnstitutunun ixtisaslaşdırılmış Şurasının üzvüdür. Ali Attestasiya Komissiyasının Riyaziyyat və mexanika ixtisasları üzrə Ekspert Şurasının üzvü olmuşdur. ARDNŞ-in Neft-qaz və kondensat ehtiyatları üzrə, həmçinin Neft-qaz və qaz kondensat yataqlarının işlənilməsi üzrə mərkəzi komissiyalarının üzvüdür.

H.Quliyev Amerika Neftçi Mühəndislər Cəmiyyətinin, Amerika Neftçi Geoloqlar Cəmiyyətinin Azərbaycan bölməsinin, Avropa Mühəndis-Geoloqlar və Geofiziklər Assosiasiyasının, Azərbaycan Geoloqlarının Milli Komitəsinin büro üzvü, Azərbaycan Geofiziklərinin Milli Komitəsinin, Beynəlxalq «Геофизический журнал» və «Вестник Киевского Национального Университета», AMEA-nın "Xəbərlər" (Yer elmləri seriyası), “Geofizika yenilikləri" və “Mexanika" jurnallarının redaksiya heyətlərinin üzvüdür.

H.Quliyevin quyuların dayanıqlığının üçölçülü riyazi nəzəriyyəsinə həsr etdiyi monoqrafiyası 1988-ci ildə keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində gümüş medala layiq görülmüşdür. O, 2007-ci ildə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

2016-01-07   36103