NKPI

Maraqlı Məlumatlar

MƏMMƏDYAROV MƏHƏRRƏM ƏLİ OĞLU

 

Məmmədyarov Məhərrəm Əli oğlu 1924‐cü il oktyabrın 17‐də Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur.

M.Məmmədyarov Böyük Vətən Müharibəsinin bir sıra döyüşlərində iştirak etmiş (1941‐1944), ağır yaralanmış və hospitalda müalicə olunduqdan sonra ordu sıralarından təxris edilmişdir (1944).

M.Məmmədyarov Azərbaycan Dövlət Universitetini bitirdikdən (1949) sonar Leninqrad Kimya‐Texnologiya İnstitutunun aspiranturasına daxil olmuşdur.

Kimya üzrə fəlsəfə doktoru (1953), «Neft‐kimya» ixtisası üzrə elmlər doktoru (1970) elmi dərəcəsini, professor (1971) elmi adını almışdır. Azərbaycan EA‐nın müxbir üzvü (1989), Azərbaycan MEA‐nın həqiqi üzvü seçilmişdir (2001).

M.Məmmədyarov Azərbaycan EA‐nın Kimya İnstitutunda elmi katib (1953) və baş elmi işçi işləmişdir. 1969‐cu ildən Sintetik yağlar laboratoriyasına rəhbərlik edir.

M.Məmmədyarovun əsas elmi istiqaməti yeni sintetik sürtkü yağlarının alınması və neft mikrobiologiyasıdır. İnstitutda əldə olunan nailiyyətlərdən vinilxloridin etilenin yüksək temperaturda katalizatorun “qaynar layında” xlorlaşması, yeni efir tipli sintetik sürtkü yağlarının alınması texnologiyasının işlənib hazırlanmasını göstərmək olar.

M.Məmmədyarov Naxçıvan Elm Mərkəzinin təşkilatçısı və rəhbəri olmuşdur. Bu illər ərzində Muxtar Respublikanın təbii sərvətlərindən istifadə yollarını müəyyən etmək sahəsində ciddi axtarışlar aparılmışdır. 1980‐ci ildə aparılan elmi işlərin səviyyəsi və region üçün praktiki əhəmiyyəti Muxtar Respublikada EA‐nın filialının yaranmasına əsas verib.

M.Məmmədyarov EA‐nın Mikrobiologiya bölməsinə rəhbər təyin edilmişdir (1981). Azərbaycanda ilk dəfə olaraq neft mikrobiologiyası sahəsində tədqiqatların təşkili və rəhbərliyi nəticəsində xüsusi növ mikroorqanizmlərdən istifadə etməklə neft quyularının məhsuldarlığının artırılmasının yeni üsulu işlənib hazırlanmış və sənaye miqyasında sınaqdan keçirilmişdir.

M.Məmmədyarovun elmi tədqiqatlarının nəticələri 320‐ə qədər elmi məqalədə, 3 monoqrafıya və 57 ixtirada öz əksini tapmışdır.

M.Məmmədyarovun rəhbərliyi altında 6 elmlər doktoru, 21 fəlsəfə doktoru hazırlanmışdır.

M.Məmmədyarov Neft‐kimya ixtisası üzrə Problem Şurasının sədridir.

M.Məmmədyarov Azərbaycan SSR Dövlət Mükafatı Laureatıdır. O, Azərbaycan Respublikasının “Şöhrət” ordeni, İslam Ölkələri İqtisadi İnkişaf təşkilatının «OGS» qızıl medalına layiq görülmüş və diplomla, “Şərəf” ordeni ilə təltif edilmişdir.

M.Məmmədyarov Əməkdar elm xadimi fəxri adına layiq görülmüş və Y.Məmmədəliyev adına mükafatla təltif edilmişdir.

2015-12-23   6670