NKPI

Maraqlı Məlumatlar

İbrahimova Minavər Cəfər qızı

Minavər Cəfər qızı İbrahimova 5 may 1946-cı ildə Quba rayonu Xucbala kəndində qulluqçu ailəsində anadan olmuşdur. Orta təhsilini Quba şəhər 2 saylı orta məktəbində 1961-ci ildə başa çatdırdıqdan sonra həmin il S.М. Киров Adına Azərbaycan Dövlət Universitetinin kimya fakultəsinə daxil olmuş və ali təhsilini 1966-cı ildə bitirərək kimyaçı, kimya müəllimi ixtisasına yiyələnmişdir.

1970-ci ildə Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutuna (NKPİ) aspiranturaya daxil olmuş, 1977-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir.

1974-85-ci illərdə NKPİ-nin “Funksional oliqomerlər” laboratoriyasında baş laborant, kiçik elmi işçi, 1985-ci ildən etibarən böyük elmi işçi vəzifəsində işləmişdir. Polifunksional monomerlər, reyaksiyayaqabil oliqomerlər, o cümlədən doymamış oliqoefirlərin müxtəlif katalitik sistemlərin iştirakı ilə sintezi, kimyəvi çevrilmələri, sahəsində məqsədyönlü tədqiqat işləri aparmış, sintez olunmuş birgəpolimerlər yüksək fiziki-mexaniki göstəriciləri ilə fərqlənən müxtəlif kompozisiya materiallarının alınmasında effektiv paylayıcı, örtük əmələgətirici, tikici komponent və sənaye miqyaslı polimerlər üçün modifikasiya edici komponent kimi tövsiyyə olunmuşdur.

Bu elmi tədqiqat işlərinin nəticələri M.C.İbrahimovanın 2000-ci ildə “Neft kimya” ixtisası üzrə uğurla müdafiə etdiyi doktorluq dissertasiyasında öz əksini tapmışdır. 1994-cü ildə baş elmi işçi, 2012-ci ildə professor elmi adlarını almışdır.

M.C.İbrahimova 2002-ci ildən etibartən “Funksional oliqomerlər” laboratoriyasına rəhbərlik edir.

İzolasiya materialı, iondəyişdirici tərkiblər və penoplastlar kimi geniş tətbiq tapmış fenoformalitlərin birmərhələli üsulla sintezi şəraiti işlənib hazırlanmış, yüksək gərginlikli sahələrdə izolasiya materialı kimi işlədilməsinin perspektiv olduğu göstərilmişdir.

Ekaloji zərərsiz, sadə “yaşıl kimya” texnologiyaların yaradılmasına imkan verən, katalitik komponent, katalitik sistem və həlledici kimi istifadə oluna bilən ion mayelərin sintezi, onlardan katalitik sistem kimi istifadə etməklə sintetik alfaolefin baza yağlarının alınması və seçici həlledici kimi istifadə etməklə neft fraksiyalarının tənzimləyicisi, struktur quruluşu, molekul kütlə paylanması tənzimlənmiş, yüksək fiziki-mexaniki göstəricilər, istismar xassələri ilə fərqlənən polimer və birgəpolimerlərin “canlı” radikal mexanizmi ilə sintezi sayəsində aparılmış tədqiqatlar əsasında ion-maye tərkibekstragentlə yağ fraksiyaların təmizlənməsi prosesinin iqtisadi baxımdan səmərəli və ekaloji baxımdan perspektiv olduğu göstərilmiş və alınmış nəticələrə əsalanaraq bu prosesin sənaye miqyasında tətbiqinə tövsiyyələr verilmiş, təcrübə sənaye zavodunda ilkin sınaq təcrübələr həyata keçirilmişdir.

212-dən çox elmi əsərin, o cümlədən 1 Beynəlxalq, 1 Avropa, 4 Azərbaycan patenti və 14 müəlliflik şəhadətnaməsinin müəllifidir.

Təltiflər: Ümumi İttifaq D.İ.Mendeleyev adına Kimya cəmiyyətinin diplomuna layiq görülmüş, 2009- il “Tərəqqi medalı” ilə

1994-96-cı illərdə NKPİ nəzdində fəaliyyət göstərən “Neft və qazın kimyəvi texnologiyası” ixtisası üzrə İxtisaslaşmış Şuranın elmi katibi, 2001-ci ildən “Neftkimyası” və “Yanacağın kimyası və texnologiyası” ixtisasları üzrə Dissertasiya Şurasının elmi katibi, NKPİ nəzdində fəaliyyət göstərən, 4 ixtisas üzrə kimya və texnika üzrə fəlsəfə və elmlər doktoru elmi dərəcəsi üzrə müdadiə Şurasının elmi katibidir.

2002-ci ildən etibarən NKPİ-də Elmi Şuranın, AMEA Kimya Problemləri İnstitutu nəzdində fəaliyyət göstərən 02.00.06 Yüksək molekullu birləşmələr ixtisası üzrə Dissertasiya Şurası nəzdində Elmi Seminarın, AMEA Kimya Elmləri Bölməsi nəzdində “Yüksək molekullu birləşmələr” ixtisası üzrə Problem Şurasının üzvüdür.

O, 2000-ci ildən etibarən qeyri-hökümət təşkilatı Azərbaycan Qadın və İnkişaf mərkəzinin vitse-prezidentidir.

2017-11-30   35889