NKPI

Maraqlı Məlumatlar

Vaqif Abbasov - AXTARIN MƏNİ

 

               Əgər axtarsanız sirli dünyada,

               Körpə gülüşündə axtarın məni.

               Əgər axtarsanız səhər çağında,

               Günəş ziyasında axtarın məni.

 

               Yazda çiçəklərin səhər şehiyəm,

               Axşamlar dağların əsən mehiyəm.

               Yenicə açılan tər bənövşəyəm,

               Yazın gəlişində axtarın məni.

 

               Yayda bağ-bağçanın ilk nübarıyam,

               Sünbül zəmilərin qızıl barıyam.

               Gözəl insanların arzularıyam,

               Şirin arzularda axtarın məni.

 

               Payızın qızılı yarpaqlarıyam,

               Ellərin nəğməli toy-büsatıyam.

               Doğma obalarda ucalar muğam,

               Bu gözəl muğamda axtarın məni.

 

               Qışda bulaqların şırıltısıyam,

               Günəşin qar üstə parıltısıyam.

               Yanar sobaların çırtıltısıyam,

               Sobanın közündə axtarın məni.

 

               Hər an dəyişmədə qoca dünyamız,

               Hər an dəyişmədə həyat arzumuz.

               Hər an dəyişmədə bizim özümüz,

               Dəyişən Vaqifdə axtarın məni.

2015-11-30   36246