NKPI

Maraqlı Məlumatlar

Quba rayonu

 

İnzibati rayon kimi 1930-cu ildə təşkil olunmuşdur. 1959-cu ildə Qonaqkənd rayonu ləğv edilərək Qubaya qatılmışdır. 1963 - 1965-ci illərdə ləğv edilmiş Xaçmaz rayonunun bir hissəsi Qubanın tərkibində olmuşdur. İnzibati mərkəzi Quba olan şəhərin  Bakıdan məsafəsi 168 km, sahəsi 2580 km2-dır.

Relyefi

Böyük Qafqazın şimal-şərqindədir. Səthi, əsasən, dağlıqdır. Şimal - şərq  kənarı Samur - Dəvəçi ovalığına çatır. Cənub - qərb sərhədi Baş Qafqaz silsiləsinin yan hissəsindən keçir. Baş Qafqaz silsiləsindən şimal - şərqdə ona paralel və çay dərələri ilə kəsilmiş Qaytarqoca silsiləsi, Yan silsilə, Qaynarca tirəsi uzanır. Ərazinin hündürlüyü 100 m-dən 4206 m-dək (Tufandağ) uzanır.

Geoloji quruluşu

Ərazidə Yura, Tabaşir, Neogen və Antropogen süxurları yayılmışdır.

Çayları və su hövzələri

Mineral bulaqlarla (Qonaqkənd, Yerfi, Xaltan) zəngindir. Ərazinin çay şəbəkəsi də zəngindir. Çaylarının mənbələri müxtəlif yüksəkliklərdədir: Qudyal (Tufandağın cənubu; 3000 m), Qaraçay (Qocadərəbaşı-Babadağ ərazisi; 2900 m), Ağçay (Yarımyaylaq dağı; 1780 m), Vəlvələ (Babadağ ərazisi; 2920 m), Caqacuq çay (Pulutdağ; 2254 m) və s. çaylardır.

Landşaftları və bioloji müxtəlifliyi

İqlimi düzənlik və dağətəyi hissədə yayı quraq keçən mülayim isti, yüksək dağlıqda soyuq və rütubətlidir.

Əsasən, çimli dağ-çəmən, qonur dağ-meşə, tipik və karbonatlı dağ-meşə, qəhvəyi torpaqlar yayılmışdır. Dağlıq sahələrdə alp və subalp çəmənlikləri geniş sahə tutaraq yay otlaqları kimi istifadə olunur. Enliyarpaqlı dağ meşələri, dağətəyi və düzən yerlərdə isə çəmən və kolluqlar geniş yayılmışdır.

Vəlvələçay hövzəsinin Təngə dərəsi landşaft özünəməxsusluğu ilə seçilir. Şimal-şərqdə öz başlanğıcını Babadağdan (3629 m) götürən Babaçay, Qonaqkəndin cənubunda Cimiçayla birləşib vəlvələçaya başlanğıc verir. Təngə dərəsində qaya və töküntü bitkiliyi geniş landşaft təşkil edir. Qaya bitkiliyi yüksək dekorativliyə malikdir. Onlar tək-tək qrup formasında və seyrək yayılaraq yastıq formalı xırda kolcuq, kol və ot bitkilərindən ibarətdir. Gündüz günəşin təsiri ilə qızma, axşamlar soyuma və s. fiziki təsirlər nəticəsində qayalarda çatlar və yerıqlar yaranır. Külək bu yarıqları narın torpaqla və mineral çürüntülərlə doldurur. Qayalıq bitkiliyi alp çəmənliyinin yuxarı hissəsinə qədər davam edir. Bunlar, əsasən, qafqaz qayaotu, kuznetsov qərənfili, dağıstan pişikotu, qaya zəngçiçəyi, sıx yastıbaş və s. - dir. Qayalıqlarda kollardan yemişan, çaytikanı, qafqaz armudu, zirinc, itburnu, dişli topulqa, şərq saqqıldağı, sarağan və s. yayılmışdır. Çiçəklər öz gözəlliyi və parlaqlığı ilə seçilir: dağınıq yastıqotu, zərif mərcanotu, zəngçiçəyi və s. Alp qurşağındakı töküntü landşaftlarda yatıq pişiknanəsi, keçətük dalamaz, dağ soğanı, balaca bulaqotu və s. bitkilərə rast gəlinir.

Tarixi

Rayon Azərbaycanın feodal dövlətlərindən olan Quba Xanlığının varisidir. 1724-cü ildə İstambul müqaviləsinə əsasən Quba əyaləti Rusiyanın tərkibinə daxil olaraq yerli hakimlər tərəfindən idarə edilirdi. Əvvəllər mərkəzi Xudat, 1735-ci ildən isə Quba olmuşdur. Nadir şahın ölümündən sonra daha da möhkəmlənən Quba xanlığı Rusiya ilə dosdluq münasibətləri saxlayaraq bir müddət demək olar ki, bütün xanlıqları (Dərbənd, Şəki, Bakı, Şirvan, Talış, Gəncə) özünə tabe etmişdi. 1806-cı ildə Quba xanlığı Rusiyaya birləşdikdən sonra Quba əyaləti yaradıldı. Əyalət Quba, Həzrə, Buduq, Şabran mahallarından ibarət idi. 1840-cı ildə Quba qəzası yaradıldı. Quba, Həzrə, Buduq, Şabran kimi dörd məntəqəyə bölünən Quba qəzası 1929-cu ilə qədər mövcud olmuşdur.

Əhalisi

Azərbaycanlılar ərazidə etnik əksəriyyət təşkil edir. Sayca sonrakı yerlərdə ləzgilər, tatlar, ruslar, türklər və dağ yəhudiləri dayanır. Tatlar Rustov, Zərqava, Afurca, Qonaqkənd, Cimi, Çiçi və s. kəndlərdə, ləzgilər Qımlı, Qımılqışlaq, Üçgün və s. kəndlərdəYaşayır. İki min ildən çox birgə tarixə malik olan dağ yəhudiləri Quba şəhəri yaxınlığındakı Qırmızı Qəsəbədə yaşayırlar. Quba rusları XVIII əsrin sonlarında “andı və kilsəni pozduqlarına görə” buraya sürgün edilmiş malokanların varisləridir. Onlar Novonikolayevka, Alekseyevka, Vladimirovka kəndlərində yaşayırlar. Molokanlar xaç gəzdirmir, ikonanı qəbul etmir, kilsəyə getmirlər. Onlar ibadətlərini kilsədə yox, xüsusi dua evlərində (molebnı) edirlər.

Arxeoloji abidələr

Xucbala kəndi ərazisində  III-VIII əsrlərə aid yaşayış yeri və qəbiristan.

Tarixi-mədəni abidələri

Züxur kəndi yaxınlığında Yeddilər Qalası (X əsr), xalq arasında “Qaranlıqdibi qalası” adlanır. Giriş hissəsində bürc və qalaçalardan ibarət möhkəm müdafiə sistemi düzəltilmişdir. Ağbil kəndində yerləşən Ağbil türbələri (XVI əsr). Üç türbədən ibarət olmuş, sonradan biri dağılmışdır. Türbə xaricdən səkkiz, daxildən doqquzbucaqlı formasındadır. Türbənin üzərindəki kitabədə onun 1537-ci ildə Şirvanşah II Xəlilullah zamanında Şeyx Məzyədinin şərəfinə inşa edildiyi göstərilmişdir. Alpan kəndində Subaba türbəsi (XVI əsr), Birinci Nügədi kəndində məscid və minarə (XVII-XIX əsrlər), Xınalıq kəndində bürc, Qudyalçay üzərindəki Tağlı körpü və s. mühafizə olunur. Avropanın ən uca dağ kəndi sayılan Xınalıq kəndində IX əsrə aid Atəşpərəstlər məbədi, Ağbil kəndində XVI əsrə aid türbələr, Quba şəhərində XIX əsrə aid Səkinəxanım, Hacı Cəfər və Cümə məscidləri, Gümbəzli hamam vardır. Bundan başqa Rustov kəndində "Ələmu" adlı qala və tarixi məscid, Yerfi kəndinin arxasında Kələva baba adlı zirvəyə yaxın yerdə isə qədim tikililər vardır.

Geoloji təbiət abidələri

Ərazi geoloji təbiət abidələri ilə zəngindir. Buradakı şəlalələr, karst mağaraları, kanyonlar özünəməxsusluğu ilə seçilir. Bunlar aşağıdakılardır. Afurca şəlaləsi, Kunxırt şəlaləsi, Təngəaltı kanyonu, Atəşgah yanardağı, “Bənövşə nənə piri” karst mağarası, Quruş kanyonu, “Qaçaq Mayıl mağarası”, Krım bulağı və Nügədi süni gölü.

Çempion ağacları

Quba rayonunda, əsasən, çinar, palıd, ağcaqayın, vələs, qarağac, fıstıq və s. ağac abidələr qeydə alınmışdır. Rayonda xalq tərəfindən müqəddəs yerlər – pirlər kimi qorunan bioloji təbiət abidələri olan ağaclar, onların qrupları və meşəliklər həddən artıq çoxdur. Xalq tərəfindən müqəddəs yerlər kimi qorunan və sitayiş edilən ərazilərə misal olaraq Ağbil kəndindəki “Ağbil Baba piri”ni, Birinci Nügədi kəndindəki “Pir çinar”ı, Amsar kəndindəki “Pirəbənövşə”ni, Tülər kəndindəki “Qizdırma”, “Mplla Şeyda Baba” və “Gün” pirlərini göstərmək olar. Quba rayonunda indiyədək qeyd olunmuş ən qocaman ağac Əski-iqrid kəndindəki 570 yaşlı şərq çinarı hesab olunurdu. Lakin araşdırmalara əsasən, Amsar kəndindəki göyrüşün 750 il yaşı olduğunu müəyyən etmişdilər. Bu da Qubanın ən qocaman ağac abidəsidir.

Mənbə: Qərib Məmmədov, Elman Yusifov, Mahmud Xəlilov, Vüqar Kərimov. AZƏRBAYCAN: EKOTURİZM POTENSİALI. I cild. Şərq-Qərb nəşriyyatı, Bakı-2015

2015-10-26   37601