NKPI

Maraqlı Məlumatlar

Fitoterapiya - 36

SÜSƏNKİMİLƏR – Iridaceae Juss. fəsiləsi

Sarı süsən – Iris pseudacorus L.

Süsənin bir çox növlərinin çiçək və kökümsovlarının tərkibində yeyinti və toxuculuq sənayesində, gön-dəri istehsalında, eləcə də əczaçılıq, ətriyyat və kosmetika sahələrində istifadəsi mümkün olan antosian və aşı maddələri, dərman, efir yağları var. Biz ilk dəfə olaraq süsən çiçəklərindən zəhərsiz və tərkibi bioloji fəal maddələrlə zəngin olan boyaq maddələri alaraq, qida məhsullarının boyadılmasında sınaqdan keçirib maraqlı nəticələr əldə etdik.

Süsən, əsasən toxumla, vegetativ üsulla və kökümsovları vasitəsilə çoxaldılır. Çoxaltma üçün sağlam, cavan cücərtilərin şitillərindən istifadə olunur. Növbəti əkin zamanı süsəni biçilmiş taxıl və yaxud mədəni bitkilər üçün nəzərdə tutulmuş sahələrdə əkib becərirlər. Şumlama 27-40 sm dərinliyində aparılır. Şumlamadan sonra hər hektar sahəyə 200-300 kq superfosfat, 100-150 kq kalium gübrələri verilir. Bitkinin inkişafı prosesində hər suvarmadan sonra kultivasiya işləri aparılır, sahə alaq otlarından təmizlənir. Bitkinin hündürlüyü 10-12 sm-ə çatdıqdan sonra hər hektar sahəyə təkrarən 150-250 kq superfosfat, 80-125 kq kalium gübrəsi verilir. İkinci il bitkinin dibi yumşaldılır, alaq otlarından təmizlənir və suvarılır.

Süsəni qida sahəsi 70x30 sm olan yerdə əkib becərirlər. Hər hektar sahədən 5-8 ton kökümsov məhsulu əldə edilir.

 

Mənbə: Mayis Qasımov, Tofiq Məmmədov, Fitoterapiya. Bakı, “Elm”, 2014, 297 səhifə.

2021-06-16   32227