NKPI

Maraqlı Məlumatlar

Vaqif Abbasov - DÜNYA GÖZƏLDİR

 
Hər şey tarazlıqda olduğu zaman,
Yaşamda tarazlıq olduğu zaman,
İnsan tarazlıqda var olan zaman,
Dünya bir cənnətdir, dünya gözəldir.
 
Çəmənlər gülüstan olan anında,
Lalələr çəmənə bəzək olanda,
Sərin küləklər də gül oynadanda,
Dünya bir cənnətdir, dünya gözəldir.
 
Dağların başında qar olan zaman,
Zirvələr ağ qardan don geyən zaman,
Paklıq nümunəsi qar yeyən zaman,
Dünya bir cənnətdir, dünya gözəldir.
              
Əliklər talada oynayan zaman,
Marallar meşədən boylanan zaman,
Qartallar zirvədən qalxdığı zaman,
Dünya bir cənnətdir, dünya gözəldir.
              
Sərin bulaq suyu içə bildinsə,
Onun paklığından payı aldınsa,
Bulağın başında qonaq qaldınsa
Dünya bir cənnətdir, dünya gözəldir.
              
Vurulsan dağlarda çayın səsinə,
Sular yaratdığı dağ nəğməsinə,
Gözəl balıqların gözəl rəqsinə
Dünya bir cənnətdir, dünya gözəldir.
 
Bağında bülbüllər oxusa əgər,
Quşlar yuvaların qursalar əgər,
Bənövşə dərməyə gəlsə sevənlər,
Dünya bir cənnətdir, dünya gözəldir.
              
Vaxtında oxusan, öyrənsən əgər,
Dərk etmək yolunu seçərsən əgər,
Əzəldən tərbiyə alarsan əgər,
Dünya bir cənnətdir, dünya gözəldir.
              
Əgər hakimdirsə başın dilinə,
Ağıl söz göndərsə deyən dilinə,
Bilsən necə demək, nəyi, harada nə,
Dünya bir cənnətdir, dünya gözəldir.
              
Qursan insanlarla gözəl ünsiyyət,
Bilsən insanlıqda ən ali nemət,
Alsan ünsiyyətdən sonsuz güc, qüvvət,
Dünya bir cənnətdir, dünya gözəldir.
              
Həyat verəninə dəyər verəndə,
Həyat verəninin qədrin biləndə,
Belə alilərin əlin öpəndə,
Dünya bir cənnətdir, dünya gözəldir.
              
Ana qucağında uyuyan zaman,
Atanın dizinə baş qoyan zaman,
Onlardan alqş aldığın zaman,
Dünya bir cənnətdir, dünya gözəldir.
 
İnsan sevincinə şərik çıxanda,
Gözlərdən dünyaya nur paylayanda,
Olanda xeyirxah əməllərində,
Dünya bir cənnətdir, dünya gözəldir.
              
Vətən sevgisilə alışıb yansan,
Vətənə layiqli vətəndaş olsan,
Vətən ucaldıqca sən də ucalsan,
Dünya bir cənnətdir, dünya gözəldir.
 
Vaqif çoxdan sadiq dediklərinə,
Tarazlıq hər zaman hakim qəlbinə,
Tələsin Vaqiflə görüş yerinə,
O görüş yerində dünya gözəldir.

2016-08-29   35797