NKPI

Maraqlı Məlumatlar

QULİYEV ƏLƏDDİN MUSA OĞLU

(1927-1983)

Ələddin Musa oğlu Quliyev  1927-ci il iyulun 30-da Gəncə şəhərində anadan olmuşdur.

Azərbaycan Sənaye İnstitutunu muhəndis-kimyaçı texnoloq ixtisası üzrə bitirmişdir (1949).

Ə.Quliyev 1955-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1967-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1968-ci ildə professor elmi adını almışdır. 1972-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri (1959-1965), Ümum- ittifaq Elmi Tədqiqat Qaz İnstitutunun (ÜETQİ) Azərbaycan filialının direktoru (1965-1974), ÜETQİ əsasında yaradılmış Təbii qazın nəqlə hazırlanması və emalı üzrə Ümumittifaq Elmi Tədqiqat və Layihə İnstitutunun direktoru (1974-1979), ADNA-da yeni yaratdığı kafedra müdiri vəzifələrində (1979-1983) çalışmışdır.

Ə.Quliyevin elmi fəaliyyəti əsasən neft və qazın kimyəvi emalı nəzəriyyəsi və texnologiyası məsələlərinə həsr edilmişdir.

Onun rəhbərliyi ilə hərəkət edən sorbent təbəqəsində maye karbohidrogen­lərdən normal parafinlər alınması texnologiyası hazırlanmış, çoxkomponentli qaz sistemlərini fasiləsiz adsorbsiya-xromotoqrafiya üsulu ilə ayırmanın nəzəri əsasları müəyyənləşdirilmişdir.

Ə.Quliyev hidrogen qazlarının qurudulması, təmizlənməsi, emalı və nəqlə hazır­lanmasında istifadə olunan metil spirtinin tutulması və regenerasiyasına dair təklif vermiş, qazları təmizləmək, qurutmaq və tərkib hissələrinə ayırmaq üçün fasiləsiz adsorbsiya üsulunu işləyib hazırlamışdır. Onun sintez etdiyi "ВНИПИ-ГАЗ -1” tipli aşqar növü qaz emalı qurğularında köpüklənmənin qarşısını alır.

Ə.Quliyevin rəhbərliyi ilə aparılan elmi tədqiqatlar keçmiş SSRİ qaz sənaye­sinin elmi-texniki inkişafının istiqamətlərini müəyyənləşdirərək nəticədə yeni adsorbentlər, səthi-aktiv maddələr, korroziyaya qarşı aşqarlar, polimer kom­pozisiyaları, köpüklənmənin qarşısını alan reagentlər, kombinə xassəsinə ma­lik uducular işlənib hazırlanmış və respublikada, Orta Asiyada, Ukraynada, Orenburqda, Uzaq Şərqdə tətbiq edilmişdir.

Onun rəhbərliyi ilə həmçinin adsorbsion-katalitik proses işlənib hazırlan­mış və onun vasitəsi ilə qazların tərkibindəki kükürdlü birləşmələrdən sərbəst kükürd alınmışdır.

Ə.Quliyev 300-ə yaxın elmi əsərin, o cümlədən 5 monoqrafiya, 70 müəlliflik şəhadətnaməsinin və patentin müəllifidir.

Ə.Quliyev dəfələrlə Beynəlxalq və Ümumittifaq konqres və simpoziumlarda iştirak etmişdir.

Onun rəhbərliyi ilə 15 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilmişdir.

Ə.Quliyev "Qaz sənayesinin əlaçısı" döş nişanı, Qaz sənayesinin "Fəxri işçisi" adma layiq görülmüş. "Şərəf nişanı" ordeni, Azərbaycan Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

Akademik Ələddin Quliyev 1983-cü ildə Bakıda vəfat etmişdir.

2016-08-15   3496