NKPI

Maraqlı Məlumatlar

SƏDİ ŞİRAZİNİN HİKMƏT VƏ NƏSİHƏTLƏRİ

Hikmət. Mal-dövlət yaşamaq üçündür, yaşamaq mal-dövlət yığmaq üçün deyil.

Ağıllı bir adamdan soruşdular: Xoşbəxt kimdir, bədbəxt kim?

Dedi: Xoşbəxt odur ki, əkər-yeyər, bədbəxt odur qoyub gedər.

Nəsihət. Ərəblər deyirlər: bağışla, lakin minnət qoyma, çünki faydası özünə qayıdacaqdır.

Nəsihət: Elm əqidəli olmaq üçündür, dünya malı yığmaq üçün deyildir.

Hikmət: Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər.

Nəsihət: Sirrini yoldaşına bildirmə, nə bilirsən, bəlkə bir gün düşmən oldu. Düşməninə də çox zərər vurma, bəlkə bir gün dost olar. Gizlətmək istədiyin sözü ən sədaqətli dostuna belə demə, çünki hər bir dostun da öz dostu, dostunun da dostu var.

Nəsihət: Zəif düşmən tabe olursa, o bunu güclü olmaq xatirinə edir. Əgər dostların dostluğuna etibar yoxdursa, düşmənin yaltaqlığına necə etibar etmək olar? Kiçik düşmənə etinasız baxmaq xırda qığılcıma məhəl qoymamaq kimidir.

Nəsihət: İki düşmən arasında elə söz danış ki, onlar dostlaşanda utanmayasan.

Hikmət: Düşmənlə barışanın məqsədi dostlarla savaşmaqdır.

Nəsihət: Qızıl ilə düzələn işdə canı təhlükəyə salmaq ağılsızlıqdır.

Nəsihət: Zəif düşmənə rəhmin gəlməsin, güclənsə sənə rəhm etməyəcəkdir.

Hikmət: İki adam dinin və dövlətin düşmənidir: həlim olmayan hakim, elmi olmayan alim.

Nəsihət: İlanın başını düşmən əli ilə əz, hər iki tərəfi xeyirlidir: düşmən qələbə çalarsa, ilanı öldürmüş olarsan, ilan qalib gələrsə düşməndən qurtararsan.

Nəsihət. Xəbər ürək açan deyilsə, sən sus, başqası desin.

Nəsihət: Varlı vaxtında kömək etməyən yoxsul vaxtında kömək görməz.

Nəsihət: Hər şey səbrlə düzələr, tələsən tərsə düşər.

Hikmət: Kim özündən çox bilən ilə mübahisə etsə ki, biliyi meydana çıxsın, biliksizliyi çıxar.

Nəsihət: Xalqın gizli eyibini açma ki, onları rüsvay edərsən, özünü etibardan salarsan.

Elm oxuyub əməl etməyən adam yer sürüb toxum səpməyən əkinçiyə bənzər.

İmansız adamda ibadət olmaz, ağılsız adama dövlət yaraşmaz. Savaşda zirəng olan adam mülayim olmaz.

Hikmət: Şirlə pəncələşmək, şəmşirlə yumruqlaşmaq ağıllı adamlara yaraşmaz.

Hikmət: Küçə itlərinin ov itini görməyə gözü olmadığı kimi hünərsizilərin də hünər sahibini görməyə gözləri olmaz, hay-küy qoparırlar, lakin qabağa gəlməkdən qorxarlar, yəni rəzil adam sənətdə birinə üstün gələ bilmədikdə böhtana başlayıb onun üstə düşər.

Hikmət: Cahillərə baş qoşan alim hörmət gözləməməlidir. Cahil adam heyvərəlik və uzunçuluqda alimə üstün gəlsə təəccüblü deyildir, çünki həmişə daş cavahiri sındırır.

Hikmət: Cəvahir toz-torpağa batsa da yenə qiymətini itirməz, toz-torpaq göyə qalxsa da yenə qiymətə minməz. Tərbiyəsiz istedad heyifdir, istedadsız tərbiyə isə mümkün deyildir. Kül oddan əmələ gəldiyi üçün ali əsli-nəsəbi vardır, lakin özündə hünər olmadığından torpağa bərabərdir; şəkərin qiyməti qamışdan əmələ gəldiyi üçün deyil, təbiətində şirinlik olduğu üçündür.

Nəsihət: Bir ömürdə ələ gələn dostu bir anda incidib əldən vermə.

Hikmət: Alim avamların səhvlərinə göz yummamalıdır. Bunun hər iki tərəfə ziyanı vardır: bu tərəfin əzəmət azalar, o tərəfin cəhaləti artar.

Nəsihət: Şeytan əməli heç kimə yaraşmaz, xüsusilə alimə. Çünki elm şeytana qarşı bir silahdır, silah sahibi isə düşmənə əsir düşsə rüsvayçılıq bir neçə qat artıq olar.

Hikmət: İki şey mümkün deyildir. Qismətdən artıq yemək və əcəl çatmamış ölmək.

Həqiqət: Həvəssiz şagird pulsuz aşiqə, bələdçisiz səyyah qanadsız quşa, əməlsiz alim barsız ağaca, elmsiz zahid qapısız evə oxşar.

Hikmət. Bütün kainatın ən əzizi, zahirən insan, mövcudatın ən rəzili itdir. Lakin ağıllı adamların hamısı bu fikirdədir ki, vəfalı it vəfasız insandan yaxşıdır.

Hikmət: İki adam öldü və dünyadan həsrətlə getdi: biri odur ki, yığdı yemədi, digəri odur ki, bildi eləmədi. 

2015-10-02   37363